Ən son yazılanlar
Mövzular
Son rəylər
Sayğac

Arxivlər
Sizi deyib gəlmişəm...
Müəllif: Molla Nəsrəddin tarix: 10/16 2007, 03:39

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "Lə’nət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, mənə gülürsünüz. Ey müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım, mən sizin ilə türkün açıq ana dilində danışıram. Mən onu bilirəm ki, türkün dili ilə danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salın yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız deyirdi, "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz. Hərdənbir ana dilində danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?"

Molla Nəsrəddin