Müəllif: Molla Nəsrəddin tarix: 10/30 2007, 10:06
Ey mənim Azərbaycanlı qardaşlarım və bacılarım, artıq 22 ildir ki, yaşayıram, özümü bildiyim, qandığım gündən bəri dilənçilik görürəm. Sonra deyirik ki, Azərbaycanda işsizlik baş alıb gedir. Bu necə işsizlikdi axı? Azərbaycanda hətta dilənçilik də peşədi. Yollarda, marşrutlarda, metrolarda, bazarlarda, yol kənarlarında nə qədər istəsəz “biznesmen” dilənçi var. Bu insanlar asanlıqla pul qazanmağın yollarını tapmış “ali savadlı” insanlardır. “Ali savadlı” dedim ona görə ki, bu insanlar universitet oxumamış olsalar da, savadları “ali”dir. Bu insanlar o qədər kreativ, o qədər qabiliyətli insanlardı ki, adamın lap heyfi gəlir. Film çəkmə studiam olsaydı onların hamısını aktyor kimi dəvət edərdim. Hollywood yəqin ki, bilmir bizim Bakıda və Azərbaycanın digər bölgələrində belə qabiliyyətli insanların olduğunu. Yoxsa bunların hamısını bərk gedən təyyarəyə yığıb aparardı Birləşmiş Xarabaya.Elə bilməyin ki, mən bu insanlara “səhv edirlər” deyirəm. Əksinə onları belə işlər tutmağa məcbur edən səbəblər var. Nədir bunlar? İncəsənət universitetində yer yoxdu, kino sənayemiz bərbad vəziyyətdədi, teatrlarımıza gedib tamaşalara baxan, biletlərə pul verən yoxdu; onlar da məcburdular ki, bu talantlarını küçələrdə sərgiləsinlər. Nə deyə bilərik? Bərəkallah qabiliyyətlərinə... Bilmirəm bəlkə də, bunlara “bərəkallah” deməklə günah elədim... Sabahdan deyəsən mən də başlayacam. Uzun zamandı özümün kiçik sahibkarlığım, xudmani bir biznesim olsun istəyirəm. Ha fikirləşirəm ki, görəsən biznesin hansı sahəsinə baş vurum. Hansı sahədə bazar boşdu. Mən özümü isbat edə bilərəm, bir iki manat (yeni) qazana bilərəm. Axtardım, axtardım, ən sonda gördüm ki, ən az sərmayə tələb olunan, ən qısa zamanda ən çox gəlir gətirən sahə elə “dilənmək” biznesidi. Deyəsən mən də rəsmi bir şəkildə qeydiyyatdan keçib, Ədliyyə Nazirliyindəki fədakar qardaşlarımızdan icazə alıb başlayacam dilənməyə. Fikirləşirəm ilk öncə metrolara kəllə vurum. Hər vaqondan təxminən 1 manat (yeni) toplasam, gündə də 100 vaqona girsəm, gündə 100 manatım var. Əla, əhsən...Sonra metro bazarını doydurduqdan sonra, başlayacam marşrutlara yalandan qolumu, ayağımı əyri göstərib pul qapmağa. Bir iki bayatı şiraz zad öyrənərəm. Elə bilirsiz səsim yoxdu? Orta məktəbdə oxuyanda məni məktəbin xoruna qəbul eləmişdilər... Qəşəng şer deyirəm... Özümdən bir iki şeir də gupbuldatsam, pullar cibimə dolacaq... Bizim millətin ürəyi yumşaqdı. O qədər yumşaqdı ki, 15 il keçir ki, Qarabağda erməni dılğırları at-eşşək oynadır, qonaqpərvərliyimizdən səs çıxarmırıq. Hamı öz işindədi. Onsuz da Qarabağ bizimdi, erməni kimdi eee, onsuz da geri qayıdacaq. Mən də şirin dilimi işə salsam mənim yumşaq ürəkli, mehriban millətim pullarını mənə verəcək. Bir də ki, millətim o qədər fədakar və qayğıkeşdi ki, kasıb insanlara yardım edir. Mənə kömək eləsinlər mən bir iki maşın alım, bir iki mənzil alım... Qonşuluqlarında yerləşən, hər gün gördükləri, qohumlarının arasında olan, daha çox ehtiyacı olanlara yardım etmək ağılsızlıqdı. Axı onlar yalan yerə bizə “ayağım əyridi, dilim tutulub, qarnım ağrayır, gözüm görmür” demir axı. Onlara pul verməyin ləzzəti yoxdu. Yaxşısı budu ki, mən də onlara kiçik səhnəciklər göstərim, onlar da mənə pul versinlər...
Nə deyirsiz? Sizdən də məsləhət almaq istərdim...


