Sual bəlkə də maraqlı və gülməli səslənir. "Eşşəklə cihada getmək olarmı?" Hər halda indi cihad olsa, mən də dostum Kişmişi (bu mənim eşşəyimin adıdı) alsam altıma, bütün sürətimi toplayıb girsəm cihada hər halda ilk şəhid düşən mən olardım.
Əslində mənim fikrimcə altında nəyin olması önəmli deyil, önəmli olan istək, iradə, mətanət, ideologiyaya sadiqlikdir. Hər halda eşşəyim var, gücüm çatmaz deyib mən bir kənarda dursam heç cihada girən də olmaz. Cihad deyəndə elə bilməyin ki, alacam əlima qılıncı, tüfəngi, ya da icad edəcəm bir atom bombası bütün düşmanlarımızı qıracam. İslam Peyğəmbəri, bütün insanların Peyğəmbəri Məhəmməd Mustafa (sav) deyib ki, "Ən vacib cihad öz nəfsimizlə olan cihaddır". Biz Azərbaycanlıların hamısını bir yerdə, böyük bir mənəvi insana bənzətsək, bizim nəfsimiz də, cəmiyyətimizin çürük adətləri, ümumi yanlışlarıdır ki, bunların düzəlməsi üçün tənqid edən lazımdır.
Məndən tənqid edən olmazdı bəlkə, millətimə, vətənimə qarşı sevgim olmasaydı. Bu cihad üçün yaxşı at lazımdı əslində. Amma bir müəllimimin sözünü xatırladım: "əlindəki imkanları dəyərləndirməyi bacarmayan, ondan daha çoxunu da dəyərləndirə bilməz". Mən də əlimə bir eşşək düşmüşkən dedim başlayım bu elmi cihada.
"Kişmiş" mənə əslində çox kömək olur. Yoxsa ayaq üstə yazmaqdan yorulardım. İndi bu dövrdə bir çox insan öz işləriylə məşğul olur. Düşünür ki, "millət necə tarac olur, olsun; nə işim var?!", amma mən belə düşünüb, evimdə rahat-rahat yata bilmədim. Millətin söz söyləyən, onları doğru yola çağıran bir Mollaya ehtiyacı var. Budur gəlmişəm. Sizi deyib gəlmişəm...
Bir zamanlar Koroğlu sadəcə atını fikirləşib yola çıxsaydı, bu gün biz Koroğlu dastanlarını oxumazdıq. Koroğlunun ən böyük nailiyyəti özü kimi düşünən, ürəkli insanlara, xalqına arxalanması idi... Mən Koroğlu da deyiləm, amma xalqıma arxalanıram, mənim kimi düşünən insanların olduğunu bilirəm, bundan əminəm...
Azərbaycan xalqının ən böyük bəlası unutqanlığıdır. Millətimiz o qədər unutqandır ki, hətta səhər yeməkdə nə yediyini belə unudur. Hələ keçmiş qəhrəmanlarını, keçmiş düşmanlarını, Qarabağı, erməniləri, rusların bizə etdiklərini, dilimizi, dinimizi, əsl mədəniyyətimizi, türklüyümüzü və bir çox başqa şeyi deməyə ehtiyac yoxdu. Səhər yeməyini unudan, bunlardan xəbərdar ola bilməz. Mən də düşünürəm ki, Kişmişlə çıxdığım bu yolda xalqımıza keçmişini, kimliyini, hardan gəldiyini xatırladıcı, hara getdiyinə işarə edici bəzi əməlləri tutum. Bəlkə millətimə, xalqıma bir faydam olar.
Əlbəttə tək başıma, və ya Kişmişlə baş-başa edə biləcəyim çox az şey var. Odur ki, sizin mənəvi dəstəyinizə, dualarınıza, dualarımıza "amin" demənizə çox ehtiyacım var. Ən azından arabir "AMİN" deyin bu bizə kifayətdir. Çox şeydə gözüm yoxdu...


