Bəlkə də deyəcəksiz ki, "ay Molla sənə nə gün düşüb ki, bizim işimizə qarışırsan. Biz hamımız halımızdan məmnunuq, razıyıq. Kefimiz yerindədi. Nə burun soxursan?". Əslində düz deyirsiz. Gərək sizin bu sözünüzdən sonra mən də digər insanlar kimi, o insanlar ki, millətin cəhalətini, bisavadlılığını görüb göz yumur, hələ bir bundan istifadə də edir, deyəm ki, "millət necə tarac olur olsun, nə işim var?". Amma neçə gün bunu demək üçüm məşq eləsəm də alınmadı ki, alınmadı...
Ay qardaşlar, görəsən bu növbə qorumaq bu qədər çətin məsələdi ki... Ya mənim başım çatmır, mən növbə üçün darıxıram, ya da bu millət növbəni əvəz edə biləcək yeni bir yol tapıb mən geridə qalmışam. Amma inanın bu növbə adlanan şey var haa, o çox yaxşı şeydi. O bizim əslimizdən, o bizim babalarımızdan gələn şeydi. Bu kopoğlunun sovetində nə yaxşı növbə olurdu, bilmirəm niyə. Əslində biz müsəlmanlar gərək bir birimizin haqqını qoruyaq, əvvəl gələn əvvəl görsün işini, sonra gələn də sonra...
Bu yaxınlarda başıma bir iş gəldi. Metro stansiyalardan birində jeton adlanan yumru şeyi əvəz eliyən kartıma keçid haqqı yükləyirdim... Elə uzun növbə var idi elə bir bal paylıyırlar. Üzr istəyirəm növbə yox, o qədər çox millət var idi ki, iynə atsan yerə düşməz. Nə isə... Bir neçə dəqiqə, sonra bir neçə 10 dəqiqə keçdi... Mən hələ ordayam... Dayanıb bir qıraqda bu millətə baxıram... Gülməli gəlir eləmi, deyir siz ki, yalan danışıram eləmi... İnanın ki, doğru deyirəm... Mənə yazmaq üçün bir material lazım idi axı... Bir xeyli dayandım... Sonra özümə görə guya ki, növbəyə girdim... Sonra tam yaxınlaşmışdım ki, kartımı uzadım, bir dənə sarı saçlı adama oxşayan, qadın olma ehtimalı yüksək olan bir nəfər qıraqdan hücum eliyib kartını məndən qabaq uzatdı. Mən də normal olaraq insan kimi davranıb əlimi geri çəkdim. Hələ bir utanmaz utanmaz üzümə baxıb gavurun dilində "izvinite ya oçen toroplyus" dedi. Mən də "inan ki, mən də tələsirdim" dedim... Daha nə deyə bilərəm, öldürməyəcəm ki....
Deyirəm heç olmasa bu yazını oxuyan insanlar, qardaşlar, bacılar bu növbə məsələsində ilk insanlar biz olaq. Bizə baxıb iki nəfər də başlasa, sonra onlara baxıb iki nəfər də başlasa və bu bir gündə iki nəfər olsa, o zaman 4 milyon gün sonra hamı növbəni öyrənəcək. Gülüncdü?... Gülün gülün.... kimə gülürük görəsən?
Axı bizə atamız, anamız, babamız, nənəmiz insanların haqqını qorumağı, başqasının haqqını yeməməyi öyrədir... Biz niyə öz adətlərimizi, öz mədəniyyətimizi indi başqalarından öyrənirik...
Biz çox xoşbəxt insanlarıq, mədəniyyətin, əxlaqın içində doğulmuşuq... Biz çox bədbəxt insanlarıq, çünki bu mədəniyyətə heç vaxt sahib çıxmamışıq...


