Ey mənim müsəlman qardaş və bacılarım, bu yaxınlarda mənə sual etdilər "Satira bizə lazımdı ya yox?" deyə. Məncə maraqlı sualdı. Hətta mənim ilk başda ələ almam gərəkən bir sual olduğunu düşünürəm. Sadəcə olaraq keçmiş Molla Nəsrəddindən hər kəs özünə bir nəticə çıxarıb, deyə düşünürdüm. Sən demə və mən demə hər kəs nəticə çıxarmayıb. Hələ də qaranlıq, ala qaranlıq, toranlı yerlər var bu məsələdə. Mən günəş olmasam da aydınlatmağa çalışım.
Sual: "Satira lazımdırmı?".
Cavab: Satira lazımdır, amma vacib deyil. Molla Nəsrəddinin və onun ilk yaradıcılarının əsas məqsədi milləti oyandırmaq, cəhalətdən qurtarmaq olduğu kimi, yeni Molla Nəsrəddinin də məqsədi eynidir. Dediyim kimi məqsəd, insanlara elm vermək, oyandırmaq, cəhalətdən xilas etmək, qüsurları təmizləmək, daha yüksək və ali bir cəmiyyət ərsəyə gətirməkdir. Bir binanın birdən çox girişi olduğu kimi, bir riyazi sualın birdən çox həlli olduğu kimi, bu məqsədə aparan yollar da müxtəlifdir. Kimsə bunu rəsm əsərləri ilə edir, kimsə bunu yaxşı şeyləri göstərməklə edir (bu optimizm də deyirlər - mən bilən), kimsə bunu müharibədə şəhid olmaqla edir, kimsə bunu televiziya vasitəsi ilə edir, kimsə bunu papağını göyə atmaqla edir, kimsə də eşşəyinə minib "cihada" çıxmaqla. Ey mənim müsəlman qardaş və bacılarım, nə fərqi var yol hansı yoldu; satiradı, tənqiddi, optimizmdi, yoxsa karikaturadı? Əsas olan odur ki, məqsəd və niyyət birdir. O ki qaldı sualın "Satira vacibdirmi?" formasına əlbəttə ki, cavabım xeyr. Siz elə bilirsiz mən elə ancaq qüsurları görürəm? Yox əsla... Hətta Peyğəmbərimizin (sav) tövsiyyəsidir, hər zaman yaxşı cəhətləri görmək. Bu sadəcə olaraq bizim yolumuzdur. Biz "kişmişimlə" birlikdə düşünürük ki, (fikir verin eşşəyim də düşünür) əgər cəmiyyətin qüsurlarına ayna tuta bilsək, aynada özümüzü görüb bəlkə utanarıq, həya edərik, çəkinərik və bu xətalarımızdan və cəhalətimizdən xilas olmağa çalışarıq.
M.Ə.Sabir, C.Məmmədquluzadə, Zərdabi, Rəsulzadə, H.Cavid, kimi dahi insanlar bu yolu seçiblər. Amma bu o demək deyil ki, onlar heç bir müsbət yönümüzü görmürdülər. Mən də xarici bir vətəndaşla üzbəüz olanda Azərbaycanımızın və millətimizin ancaq yaxşı yönlərindən danışmağa səy göstərirəm. Amma öz aramızda tənqid həmişə lazımdı. Çünki tənqid olmasa inkişaf olmaz. Düşünün ki, müxalifət yoxdu. O zaman iqtidarın dediyi olacaq və onların heç bir fikrini tənqid edən olmayacaq. Nə qədər doğru olduğunu hansı tərəzi ölçə bilər? Əlbəttə TƏNQİD.


