Ən son yazılanlar
Mövzular
Son rəylər
Sayğac

Arxivlər
"QARAGİLƏ"nin Qara Günü
Müəllif: Molla Nəsrəddin tarix: 02/07 2008, 03:15

Çoxdandır yazmaq istəyirəm, bu xəbəri əldə etdiyim gündən... Amma bilmirəm necə dilə gətirim, hansı sözlərlə izah edim. Belə məsələlər bir dostuna anasının ölümünü deməyə bənzəyir. Dostunun üzülməyini istəmirsən, özün də çox üzülürsən, deməmək də olmur... Hərçənd ki, mən Mollayam, mənim kimilər üçün bəlkə də qara günlər şad günlər kimidir. Amma bu o bildiyimiz qara günlərdən deyil... Deyəsən bu elə əslində mənim özümün qara günümdür, mənim millətimin qara günüdür.

Yəqin yenə suallarınız var: "N`olub ay Molla?", "Niyə özünü öldürürsən?", "Yenə nə başlamısan?", "Nə səs-küy salmısan?" kimi və bənzəri suallar. Mənim bu sualların hamısına cavab verməyə taqətim qalmayıb. Eşşəyim də (hərçənd ki ona eşşəyim deməyə dilim yatmır, amma cinsi budu nə edim) yorulub. Kişmişin də istirahət etdiyi bu müddətdə danışım sizə də bu hal-qaziyəni sonra yoluma davam edim.

Ay mənim millətim, xalqım, qardaşlarım, bacılarım biz niyə bu qədər biganəyik? Niyə öz dilimizə, dinimizə, mədəniyyətimizə, tariximizə, öz insanlarımıza, öz torpaqlarımıza qarşı bu qədər biganəyik??? Yəqin bu sahədə bir yarış keçirilsəydi və adına EuroBiganə deyilsəydi biz burada ən birinci yerdə olardıq. Niyə QARAGİLƏ üçün qara gündü? Ermənilər bizim Qaragiləni oxudu, EuroVision deyilən, hər kəsin maraq göstərdiyi və qatılmaq üçün az qalsın özünü satmağa hazır olduğu yarışda da oxuyacaqlar.  Eyni zamanda klip də çəkdiriblər hansı ki mən bunu sizinlə paylaşıram. Düzdür, istəməzdim ki, erməni dılğırına qulaq asıb qulaqlarınızı korlayasız, amma hər halda nə etdiklərini görüb bir az utanmaqda fayda var.

Bizim Sarı Gəlinimizi də bir zamanlar oğurlayıb "erməni" damğası vurmaq istədilər, hardasa alındı da... Amma biz bundan bir nəticə çıxarmadıq. Bu hadisədən sonra bizim heç Sarı Gəlin üçün klipimiz yox ikən, ermənilər Qaragiləni EuroVision`da oxumaq qərarına gəliblər. Erməni lobbisinin çox güclü olmasını nəzərə alsaq, təsəvvür edək ki, Qaragilə EuroVision-da birinci oldu. Bu zaman biz artıq öz mədəniyyətimizin ölümünün şahidi oluruq deməkdir. Bizimkilər gedirlər, bizə aid olmayan bir mahnı oxumağa, bizə aid olmayan musiqi alətləriylə, ermənilər gedir bizim balabanımızla və bizim mahnımızla...

İnşallah oyanarıq və bu gec olmaz!