Düşünürəm, öz özümə sual verirəm hərdən: axı biz niyə belə olduq? Biz niyə özümüzü unutduq? Biz niyə millət olaraq, xalq olaraq özümüzü, öz insanlarımızı, vətənimizi, torpaqlarımızı, suyunu içdiyimiz ana yurdumuzu, bir yerdə böyüdüyümüz bu xalqı unutduq... Niyə biz bu qədər eqoist olduq?
Bu kimi suallar qanımızı qaraldır yəqin, necə ki, mənim də qanım qaralır belə suallar eşidəndə.. Amma nə etmək olar? Bizim məqsədimiz də elə qan qaraltmaqdır. Qanınızı qaraldım ki, bəlkə gözünüzü açasınız. Bəlkə sadəcə özümüzü, öz qazancımızı, öz mənafeyimizi düşünməkdən yaxa qurtarıb, ətrafımızdakı insanları düşünəsiz. İllərdir torpağından bəhrələndiyiniz, suyundan içdiyiniz bu vətənin qədrini biləsiz. Vətən üçün "mən nə edə bilərəm" kompleksindən xilas olub, ən kiçikdən bir şeylər etməyə başlayasız...
Yol gedirəm, ətrafıma baxıram... İnsanların həmişə bir yerlərə tələsdiyini görürəm. Amma hara tələsirik? Bu sualın cavabını hər gün eyni şəkildə verərik yəqin ki: "pul arxasınca"
Niyə bizim xalqımız hər şeyi pulla dəyərləndirməyə başladı? Niyə hamı düşünür ki, pul varsa xoşbəxtlik var... Sadəcə belə düşünülsə dərdim nə idi? Ən yaralısı odur ki, "mən qazanım, başqası acından ölsün, xəstələnsin, evsiz eşiksiz qalsın, yetim qalsın mənə nə" kimi bir düşüncəyə sahibdir bizim xalqımız... Çox heyf... Mirzə Ələkbər Sabir o zaman "millət necə tarac olur olsun, nə işim var?!" dedi, səsi bu gün eşidildi... Mirzə indi Cənnətdə istirahət edir ümid edirəm. Amma düşünürəm ki, bilsə ki, bu gün onun soydaşlarının söz Mirzəsin ehtiyacı var, xortlayıb gələr, o bir aləmdəki rahatlığını da buraxıb gələr, ki burda insanlara qışqırıb desin "ay millət, ay xalq, oyanın, özünüzü unutmusuz, özünüzə gəlin, özünüzü xatırlayın, insan olduğunuzu unutmayın"
Burada bir hədis də yadıma düşdü. Allah buyurdu: "Hər kim məni unutsa, mən ona özünü unutduraram" Yoxsa biz Allahımızımı unutduq? Elə buna görə də Allah bizə bizi unutdurdu? Bilmirəm biz niyə özümüzü unutduq... Amma vay halına Allahı unudanların...
Avtobusda yol gedən insanlara göz gəzdirirəm. Belə bir təsəvvür yaranır ki, hamı bir-birini yeməyə, parçalamağa hazırdı... Hamı özünü unudub...
Metroda yol gedirəm. Hamı bir-birinə diş qıcayır, gözləri ilə bir-birlərini yeyirlər. Az qalıblar hücum edələr bir-birlərinə. Hamı özünü unudub...
İki nəfər cavan oğlan fikirli yol gedir piyada... Birdən toqquşurlar... Elə bil Bakıda zəlzələ baş verdi. Başlayırlar bir-birlərini yeməyə... Ay qardaşlar erməni köpəkləri torpaqlarımızda at oynadır. Onları yemək lazımdı, bir-birimizi yox... Hamı özünü unudub... Hamı özünü də unudub, keçmişini də, Qarabağı da, 20 yanvarı da, Azərbaycanı da, SSSR-nin əsarətində qalmağımızı da, daima kimlərinsə qulu köləsi olduğumuzu da, öz haqq və hüquqlarımızı da...
Gəlin heç olmasa dua edək xalqımız üçün... Mənim imkanlarımla edə biləcəyim ən yaxşı iş hər halda duadır. Dua edirəm xalqım, millətim, vətənim üçün, Qarabağ üçün, şəhidlərimiz üçün... Siz də dua edin, bəlkə özümüzə gəldik...
Sual bəlkə də maraqlı və gülməli səslənir. "Eşşəklə cihada getmək olarmı?" Hər halda indi cihad olsa, mən də dostum Kişmişi (bu mənim eşşəyimin adıdı) alsam altıma, bütün sürətimi toplayıb girsəm cihada hər halda ilk şəhid düşən mən olardım.
Əslində mənim fikrimcə altında nəyin olması önəmli deyil, önəmli olan istək, iradə, mətanət, ideologiyaya sadiqlikdir. Hər halda eşşəyim var, gücüm çatmaz deyib mən bir kənarda dursam heç cihada girən də olmaz. Cihad deyəndə elə bilməyin ki, alacam əlima qılıncı, tüfəngi, ya da icad edəcəm bir atom bombası bütün düşmanlarımızı qıracam. İslam Peyğəmbəri, bütün insanların Peyğəmbəri Məhəmməd Mustafa (sav) deyib ki, "Ən vacib cihad öz nəfsimizlə olan cihaddır". Biz Azərbaycanlıların hamısını bir yerdə, böyük bir mənəvi insana bənzətsək, bizim nəfsimiz də, cəmiyyətimizin çürük adətləri, ümumi yanlışlarıdır ki, bunların düzəlməsi üçün tənqid edən lazımdır.
Məndən tənqid edən olmazdı bəlkə, millətimə, vətənimə qarşı sevgim olmasaydı. Bu cihad üçün yaxşı at lazımdı əslində. Amma bir müəllimimin sözünü xatırladım: "əlindəki imkanları dəyərləndirməyi bacarmayan, ondan daha çoxunu da dəyərləndirə bilməz". Mən də əlimə bir eşşək düşmüşkən dedim başlayım bu elmi cihada.
"Kişmiş" mənə əslində çox kömək olur. Yoxsa ayaq üstə yazmaqdan yorulardım. İndi bu dövrdə bir çox insan öz işləriylə məşğul olur. Düşünür ki, "millət necə tarac olur, olsun; nə işim var?!", amma mən belə düşünüb, evimdə rahat-rahat yata bilmədim. Millətin söz söyləyən, onları doğru yola çağıran bir Mollaya ehtiyacı var. Budur gəlmişəm. Sizi deyib gəlmişəm...
Bir zamanlar Koroğlu sadəcə atını fikirləşib yola çıxsaydı, bu gün biz Koroğlu dastanlarını oxumazdıq. Koroğlunun ən böyük nailiyyəti özü kimi düşünən, ürəkli insanlara, xalqına arxalanması idi... Mən Koroğlu da deyiləm, amma xalqıma arxalanıram, mənim kimi düşünən insanların olduğunu bilirəm, bundan əminəm...
Azərbaycan xalqının ən böyük bəlası unutqanlığıdır. Millətimiz o qədər unutqandır ki, hətta səhər yeməkdə nə yediyini belə unudur. Hələ keçmiş qəhrəmanlarını, keçmiş düşmanlarını, Qarabağı, erməniləri, rusların bizə etdiklərini, dilimizi, dinimizi, əsl mədəniyyətimizi, türklüyümüzü və bir çox başqa şeyi deməyə ehtiyac yoxdu. Səhər yeməyini unudan, bunlardan xəbərdar ola bilməz. Mən də düşünürəm ki, Kişmişlə çıxdığım bu yolda xalqımıza keçmişini, kimliyini, hardan gəldiyini xatırladıcı, hara getdiyinə işarə edici bəzi əməlləri tutum. Bəlkə millətimə, xalqıma bir faydam olar.
Əlbəttə tək başıma, və ya Kişmişlə baş-başa edə biləcəyim çox az şey var. Odur ki, sizin mənəvi dəstəyinizə, dualarınıza, dualarımıza "amin" demənizə çox ehtiyacım var. Ən azından arabir "AMİN" deyin bu bizə kifayətdir. Çox şeydə gözüm yoxdu...


