Ən son yazılanlar
Mövzular
Son rəylər
Sayğac

Arxivlər
"QARAGİLƏ"nin Qara Günü
Müəllif: Molla Nəsrəddin tarix: 02/07 2008, 03:15

Çoxdandır yazmaq istəyirəm, bu xəbəri əldə etdiyim gündən... Amma bilmirəm necə dilə gətirim, hansı sözlərlə izah edim. Belə məsələlər bir dostuna anasının ölümünü deməyə bənzəyir. Dostunun üzülməyini istəmirsən, özün də çox üzülürsən, deməmək də olmur... Hərçənd ki, mən Mollayam, mənim kimilər üçün bəlkə də qara günlər şad günlər kimidir. Amma bu o bildiyimiz qara günlərdən deyil... Deyəsən bu elə əslində mənim özümün qara günümdür, mənim millətimin qara günüdür.

Yəqin yenə suallarınız var: "N`olub ay Molla?", "Niyə özünü öldürürsən?", "Yenə nə başlamısan?", "Nə səs-küy salmısan?" kimi və bənzəri suallar. Mənim bu sualların hamısına cavab verməyə taqətim qalmayıb. Eşşəyim də (hərçənd ki ona eşşəyim deməyə dilim yatmır, amma cinsi budu nə edim) yorulub. Kişmişin də istirahət etdiyi bu müddətdə danışım sizə də bu hal-qaziyəni sonra yoluma davam edim.

Ay mənim millətim, xalqım, qardaşlarım, bacılarım biz niyə bu qədər biganəyik? Niyə öz dilimizə, dinimizə, mədəniyyətimizə, tariximizə, öz insanlarımıza, öz torpaqlarımıza qarşı bu qədər biganəyik??? Yəqin bu sahədə bir yarış keçirilsəydi və adına EuroBiganə deyilsəydi biz burada ən birinci yerdə olardıq. Niyə QARAGİLƏ üçün qara gündü? Ermənilər bizim Qaragiləni oxudu, EuroVision deyilən, hər kəsin maraq göstərdiyi və qatılmaq üçün az qalsın özünü satmağa hazır olduğu yarışda da oxuyacaqlar.  Eyni zamanda klip də çəkdiriblər hansı ki mən bunu sizinlə paylaşıram. Düzdür, istəməzdim ki, erməni dılğırına qulaq asıb qulaqlarınızı korlayasız, amma hər halda nə etdiklərini görüb bir az utanmaqda fayda var.

Bizim Sarı Gəlinimizi də bir zamanlar oğurlayıb "erməni" damğası vurmaq istədilər, hardasa alındı da... Amma biz bundan bir nəticə çıxarmadıq. Bu hadisədən sonra bizim heç Sarı Gəlin üçün klipimiz yox ikən, ermənilər Qaragiləni EuroVision`da oxumaq qərarına gəliblər. Erməni lobbisinin çox güclü olmasını nəzərə alsaq, təsəvvür edək ki, Qaragilə EuroVision-da birinci oldu. Bu zaman biz artıq öz mədəniyyətimizin ölümünün şahidi oluruq deməkdir. Bizimkilər gedirlər, bizə aid olmayan bir mahnı oxumağa, bizə aid olmayan musiqi alətləriylə, ermənilər gedir bizim balabanımızla və bizim mahnımızla...

İnşallah oyanarıq və bu gec olmaz!


15 il Qarabağsız - yalandı!
Müəllif: Molla Nəsrəddin tarix: 12/29 2007, 03:48

 

qarabag

Uzun zamandır heç nə yazmıram. Düşünürdüm... Bu son günlərdə hər bir evin ayrılmaz parçası, hər kəsin 1 nömrəli dostu, elə bizim də evdə çox baxılan televizora baxırdım. Hamı bir-birini YENİ İL münasibəti ilə, Qarabağsız 16-cı ilə keçmək münasibəti ilə təbrik edir. Soruşa bilərsiniz, "nə olsun ay Molla? Burda yeni nə var? Həmişəki kimi təbrik edirik də..." Düz deyirsiz o qədər də yeni bir şey yoxdu, çünki Qarabağ hələ də bizimlə deyil. Azərbaycan hələ də Qarabağdan ayrıdır; biz bunu istəməsək və dansaq da.

İndi gəlim əsas məsələyə ey mənim müsəlman qardaş və bacılarım. Nə idi fərqli olan? Diqqətimi bir şey çəkdi bu təbriklərə baxarkən. Əvvəlki yeni illərdən fərqli olaraq, bu yeni ildə "İNŞALLAH BU YENİ İLDƏ QARABAĞI ALARIQ, İNŞALLAH NÖVBƏTİ YENİ İLİ QARABAĞDA KEÇİRƏRİK" kimi və bənzəri ümid verici sözlər eşitmədik. Artıq deyəsən Molladan başqa heç kim üçün maraqlı deyil Qarabağ. 

Əvvəllər heç olmasa arzularımız Qarabağla bağlı idi, indi isə deyəsən heç bir bağımız yoxdu Qarabağla; nə qara bağ, nə də ağ bağ...

Bu yaxınlarda internetdə gəzinirdim, adətim üzrə. Birdən bir şəklə gözümShusha turistler ilişdi, eşşəyimi saxlayıb endim yerə. Düşündüm yəqin kişmişin üzərində olduğum zaman yanlış görürəm. Sonra enib baxdım, gördüm ki, yox qardaşlar elə mən görəndi. Soruşacaqsız "nədi bu şəkil? söylə biz də bilək". Bəlkə kimlər üçünsə bu yeni xəbər deyil, kiminsə heç vecinə deyil, amma məni yandırdı. Şəkildə Şuşamızı gəzintiyə çıxmış fransız gənclər əks olunurdu. Yox min doqquz yüz çoxdanıncı illərin şəkillərindən deyil, yeni şəkillərdəndir. 2007-ci ilin... Sonra həmin saytı bir az da araşdırdım. Gördüm ki, daha çox şəkillər var. Erməni köpəkləri nə arzu edir, nə də boş-boş danışır. Onlar Qarabağla yaşayır, Qarabağla əlaqəli layihələr həyata keçirir, gəzintilər təşkil edir, turist cəlb edirlər. Biz isə artıq heç arzu da etmirik. 

Demirəm sabahdan toplanıb cihad edək. Demirəm partizan savaşına başlayaq. Demirəm kamikadzelik edək. Amma ən azından öz torpağımıza, öz millətimizə, öz vətənimizə, öz dilimizə, öz dəyərlərimizə biganə qalmıyaq. Sahib çıxaq... Unutmayaq...

İnsan nisyandan gəlir, unutmaq deməkdi deyirlər... Deyəsən bu sadəcə Azərbaycanlılara aiddir. Çünki biz öz dəyərlərimizi ən çox unudan millətik. Ən çox öz dilini bilməyib başqa dillərdə danışan bizdə, ən çox təcavüzə məruz qalıb, torpağı işğal olunub ən tez unudan bizdə, lap çox pulu olub ən kasıb olan bizdə... Daha nə deyim?

Azadlıq meydanında diskoteka təşkil edildi. Bir zamanlar kişilər (keçmişdə qaldı) bu meydanda "azadlıq, azadlıq" deyə qışqırıb vətənimizi azad etmək üçün toplanmışdı. O zamanlar Qarabağ kiminsə əlində olsa, o zaman da "Qarabağ, Qarabağ" deyə qışqırardılar. Amma biz bizə aid olmayan musiqilərin altında, hoppanıb-düşmək üçün toplandıq... Allah axırımızı xeyir eləsin!

Heç kim demədi, bari Molla desin: inşallah bu yeni, 2008-ci ildə Qarabağı qaytararıq, yeni bayramlarımızı Qarabağda, Şuşada ermənilərin gətirib öz torpaqlarıymış kimi gəzdirdiyi torpaqlarda keçirərik. İnşallah erməni dılğırlarını vətənimizdən qovub, həmin günü də Azadlıq meydanında diskoteka şəklində qeyd edərik. 


Bu satira nəyə lazımdı?
Müəllif: Molla Nəsrəddin tarix: 12/03 2007, 04:01

Ey mənim müsəlman qardaş və bacılarım, bu yaxınlarda mənə sual etdilər "Satira bizə lazımdı ya yox?" deyə. Məncə maraqlı sualdı. Hətta mənim ilk başda ələ almam gərəkən bir sual olduğunu düşünürəm. Sadəcə olaraq keçmiş Molla Nəsrəddindən hər kəs özünə bir nəticə çıxarıb, deyə düşünürdüm. Sən demə və mən demə hər kəs nəticə çıxarmayıb. Hələ də qaranlıq, ala qaranlıq, toranlı yerlər var bu məsələdə. Mən günəş olmasam da aydınlatmağa çalışım.

Sual: "Satira lazımdırmı?".
Cavab:  Satira lazımdır, amma vacib deyil. Molla Nəsrəddinin və onun ilk yaradıcılarının əsas məqsədi milləti oyandırmaq, cəhalətdən qurtarmaq olduğu kimi, yeni Molla Nəsrəddinin də məqsədi eynidir. Dediyim kimi məqsəd, insanlara elm vermək, oyandırmaq, cəhalətdən xilas etmək, qüsurları təmizləmək, daha yüksək və ali bir cəmiyyət ərsəyə gətirməkdir. Bir binanın birdən çox girişi olduğu kimi, bir riyazi sualın birdən çox həlli olduğu kimi, bu məqsədə aparan yollar da müxtəlifdir. Kimsə bunu rəsm əsərləri ilə edir, kimsə bunu yaxşı şeyləri göstərməklə edir (bu optimizm də deyirlər - mən bilən), kimsə bunu müharibədə şəhid olmaqla edir, kimsə bunu televiziya vasitəsi ilə edir, kimsə bunu papağını göyə atmaqla edir, kimsə də eşşəyinə minib "cihada" çıxmaqla. Ey mənim müsəlman qardaş və bacılarım, nə fərqi var yol hansı yoldu; satiradı, tənqiddi, optimizmdi, yoxsa karikaturadı? Əsas olan odur ki, məqsəd və niyyət birdir. O ki qaldı sualın "Satira vacibdirmi?" formasına əlbəttə ki, cavabım xeyr. Siz elə bilirsiz mən elə ancaq qüsurları görürəm? Yox əsla... Hətta Peyğəmbərimizin (sav) tövsiyyəsidir, hər zaman yaxşı cəhətləri görmək. Bu sadəcə olaraq bizim yolumuzdur. Biz "kişmişimlə" birlikdə düşünürük ki, (fikir verin eşşəyim də düşünür) əgər cəmiyyətin qüsurlarına ayna tuta bilsək, aynada özümüzü görüb bəlkə utanarıq, həya edərik, çəkinərik və bu xətalarımızdan və cəhalətimizdən xilas olmağa çalışarıq.

M.Ə.Sabir, C.Məmmədquluzadə, Zərdabi, Rəsulzadə, H.Cavid, kimi dahi insanlar bu yolu seçiblər. Amma bu o demək deyil ki, onlar heç bir müsbət yönümüzü görmürdülər. Mən də xarici bir vətəndaşla üzbəüz olanda Azərbaycanımızın və millətimizin ancaq yaxşı yönlərindən danışmağa səy göstərirəm. Amma öz aramızda tənqid həmişə lazımdı. Çünki tənqid olmasa inkişaf olmaz. Düşünün ki, müxalifət yoxdu. O zaman iqtidarın dediyi olacaq və onların heç bir fikrini tənqid edən olmayacaq. Nə qədər doğru olduğunu hansı tərəzi ölçə bilər? Əlbəttə TƏNQİD. 


Görəsən biz də növbə görərik?
Müəllif: Molla Nəsrəddin tarix: 11/23 2007, 10:58

Bəlkə də deyəcəksiz ki, "ay Molla sənə nə gün düşüb ki, bizim işimizə qarışırsan. Biz hamımız halımızdan məmnunuq, razıyıq. Kefimiz yerindədi. Nə burun soxursan?". Əslində düz deyirsiz. Gərək sizin bu sözünüzdən sonra mən də digər insanlar kimi, o insanlar ki, millətin cəhalətini, bisavadlılığını görüb göz yumur, hələ bir bundan istifadə də edir, deyəm ki, "millət necə tarac olur olsun, nə işim var?". Amma neçə gün bunu demək üçüm məşq eləsəm də alınmadı ki, alınmadı...

Ay qardaşlar, görəsən bu növbə qorumaq bu qədər çətin məsələdi ki... Ya mənim başım çatmır, mən növbə üçün darıxıram, ya da bu millət növbəni əvəz edə biləcək yeni bir yol tapıb mən geridə qalmışam. Amma inanın bu növbə adlanan şey var haa, o çox yaxşı şeydi. O bizim əslimizdən, o bizim babalarımızdan gələn şeydi. Bu kopoğlunun sovetində nə yaxşı növbə olurdu, bilmirəm niyə. Əslində biz müsəlmanlar gərək bir birimizin haqqını qoruyaq, əvvəl gələn əvvəl görsün işini, sonra gələn də sonra...

Bu yaxınlarda başıma bir iş gəldi. Metro stansiyalardan birində jeton adlanan yumru şeyi əvəz eliyən kartıma keçid haqqı yükləyirdim... Elə uzun növbə var idi elə bir bal paylıyırlar. Üzr istəyirəm növbə yox, o qədər çox millət var idi ki, iynə atsan yerə düşməz. Nə isə... Bir neçə dəqiqə, sonra bir neçə 10 dəqiqə keçdi... Mən hələ ordayam... Dayanıb bir qıraqda bu millətə baxıram... Gülməli gəlir eləmi, deyir siz ki, yalan danışıram eləmi... İnanın ki, doğru deyirəm... Mənə yazmaq üçün bir material lazım idi axı... Bir xeyli dayandım... Sonra özümə görə guya ki, növbəyə girdim... Sonra tam yaxınlaşmışdım ki, kartımı uzadım, bir dənə sarı saçlı adama oxşayan, qadın olma ehtimalı yüksək olan bir nəfər qıraqdan hücum eliyib kartını məndən qabaq uzatdı. Mən də normal olaraq insan kimi davranıb əlimi geri çəkdim. Hələ bir utanmaz utanmaz üzümə baxıb gavurun dilində "izvinite ya oçen toroplyus" dedi. Mən də "inan ki, mən də tələsirdim" dedim... Daha nə deyə bilərəm, öldürməyəcəm ki....

Deyirəm heç olmasa bu yazını oxuyan insanlar, qardaşlar, bacılar bu növbə məsələsində ilk insanlar biz olaq. Bizə baxıb iki nəfər də başlasa, sonra onlara baxıb iki nəfər də başlasa və bu bir gündə iki nəfər olsa, o zaman 4 milyon gün sonra hamı növbəni öyrənəcək. Gülüncdü?... Gülün gülün.... kimə gülürük görəsən?

Axı bizə atamız, anamız, babamız, nənəmiz insanların haqqını qorumağı, başqasının haqqını yeməməyi öyrədir... Biz niyə öz adətlərimizi, öz mədəniyyətimizi indi başqalarından öyrənirik...
Biz çox xoşbəxt insanlarıq, mədəniyyətin, əxlaqın içində doğulmuşuq... Biz çox bədbəxt insanlarıq, çünki bu mədəniyyətə heç vaxt sahib çıxmamışıq...


Özümüzü də unutmuşuq...
Müəllif: Molla Nəsrəddin tarix: 11/09 2007, 04:05

MollaDüşünürəm, öz özümə sual verirəm hərdən: axı biz niyə belə olduq? Biz niyə özümüzü unutduq? Biz niyə millət olaraq, xalq olaraq özümüzü, öz insanlarımızı, vətənimizi, torpaqlarımızı, suyunu içdiyimiz ana yurdumuzu, bir yerdə böyüdüyümüz bu xalqı unutduq... Niyə biz bu qədər eqoist olduq?

Bu kimi suallar qanımızı qaraldır yəqin, necə ki, mənim də qanım qaralır belə suallar eşidəndə.. Amma nə etmək olar? Bizim məqsədimiz də elə qan qaraltmaqdır. Qanınızı qaraldım ki, bəlkə gözünüzü açasınız. Bəlkə sadəcə özümüzü, öz qazancımızı, öz mənafeyimizi düşünməkdən yaxa qurtarıb, ətrafımızdakı insanları düşünəsiz. İllərdir torpağından bəhrələndiyiniz, suyundan içdiyiniz bu vətənin qədrini biləsiz. Vətən üçün "mən nə edə bilərəm" kompleksindən xilas olub, ən kiçikdən bir şeylər etməyə başlayasız...

Yol gedirəm, ətrafıma baxıram... İnsanların həmişə bir yerlərə tələsdiyini görürəm. Amma hara tələsirik? Bu sualın cavabını hər gün eyni şəkildə verərik yəqin ki: "pul arxasınca"

Niyə bizim xalqımız hər şeyi pulla dəyərləndirməyə başladı? Niyə hamı düşünür ki, pul varsa xoşbəxtlik var... Sadəcə belə düşünülsə dərdim nə idi? Ən yaralısı odur ki, "mən qazanım, başqası acından ölsün, xəstələnsin, evsiz eşiksiz qalsın, yetim qalsın mənə nə" kimi bir düşüncəyə sahibdir bizim xalqımız... Çox heyf... Mirzə Ələkbər Sabir o zaman "millət necə tarac olur olsun, nə işim var?!" dedi, səsi bu gün eşidildi... Mirzə indi Cənnətdə istirahət edir ümid edirəm. Amma düşünürəm ki, bilsə ki, bu gün onun soydaşlarının söz Mirzəsin ehtiyacı var, xortlayıb gələr, o bir aləmdəki rahatlığını da buraxıb gələr, ki burda insanlara qışqırıb desin "ay millət, ay xalq, oyanın, özünüzü unutmusuz, özünüzə gəlin, özünüzü xatırlayın, insan olduğunuzu unutmayın"

Burada bir hədis də yadıma düşdü. Allah buyurdu: "Hər kim məni unutsa, mən ona özünü unutduraram" Yoxsa biz Allahımızımı unutduq? Elə buna görə də Allah bizə bizi unutdurdu? Bilmirəm biz niyə özümüzü unutduq... Amma vay halına Allahı unudanların...

Avtobusda yol gedən insanlara göz gəzdirirəm. Belə bir təsəvvür yaranır ki, hamı bir-birini yeməyə, parçalamağa hazırdı... Hamı özünü unudub...

Metroda yol gedirəm. Hamı bir-birinə diş qıcayır, gözləri ilə bir-birlərini yeyirlər. Az qalıblar hücum edələr bir-birlərinə. Hamı özünü unudub...

İki nəfər cavan oğlan fikirli yol gedir piyada... Birdən toqquşurlar... Elə bil Bakıda zəlzələ baş verdi. Başlayırlar bir-birlərini yeməyə... Ay qardaşlar erməni köpəkləri torpaqlarımızda at oynadır. Onları yemək lazımdı, bir-birimizi yox... Hamı özünü unudub... Hamı özünü də unudub, keçmişini də, Qarabağı da, 20 yanvarı da, Azərbaycanı da, SSSR-nin əsarətində qalmağımızı da, daima kimlərinsə qulu köləsi olduğumuzu da, öz haqq və hüquqlarımızı da...

Gəlin heç olmasa dua edək xalqımız üçün... Mənim imkanlarımla edə biləcəyim ən yaxşı iş hər halda duadır. Dua edirəm xalqım, millətim, vətənim üçün, Qarabağ üçün, şəhidlərimiz üçün... Siz də dua edin, bəlkə özümüzə gəldik...


O BİRİ QAPIDAN GETMİŞӘM
Müəllif: Molla Nəsrəddin tarix: 11/04 2007, 08:35

Mollanın dostlarıO BİRİ QAPIDAN GETMİŞӘM

Bir gün Molla Nәsrәddin evinә gedәrkәn dostlarından bir neçәsi onun qabağını kәsib deyirlәr:
—Molla, gәrәk bizi evinә qonaq aparasan; çunki çoxdandır sәninlә duz-çörәk yemәmişik.
Molla nә qәdәr:
— Balam, әl çәkin, onsuz da evimizdә yemәk üçün bir şey yoxdur,—deyirsә yoldaşları әl çәkmir.
Axırda Molla razı olub bunlarla birlikdә evә gәlir vә qapısına çatanda deyir:
—Siz burada dayanın, mәn qonaq gәldiyini evә xәbәr verim.
Molla içәri girәn kimi oğlunu öyrәdib göndәrir ki, qonaqları bir tәhәr yola salsın. Oğlan küçәyә çıxır özünü bilmәmәzliyә qoyaraq qapıdakılardan soruşur:
—Әmi, kimi istәyirsiniz?
—Mollanı gözlәyirik.
—Molla evdә yoxdur.
—Necә yoxdur? Molla bu saat qapıdan içәri girdi,—deyә qonaqlar uşağa cavab verirlәr.
Mollanın oğlu deyir, qonaqlar deyir, axırda Mollanın sәbri tükәnir, başını pәncәrәdәn bayıra çıxarıb deyir:
—Canım, siz nә qәribә adamsınız, niyә belә mübahisә açırsınız. Bәlkә mәn bu qapıdan girib o biri qapıdan çıxıb getmişәm.


YÜZ İYİRMİ İKİSİ OLACAQDI
Müəllif: Molla Nəsrəddin tarix: 11/03 2007, 05:34

YÜZ İYİRMİ İKİSİ OLACAQDI

MollaBir gün Molla öz-özünə deyir:
—Mən bu ayın hesabını özüm saxlayacağam.
Hesab saxlamaq üçün Molla hәr gün qazana bir noxud salır.
Mollanın qızı bunu görüb elә zәnn edir ki, atası noxudu sevdiyi üçün qazana salır. O da ovucunu noxudla doldurub qazana tökür.
Bir gün Molladan ayın neçәsi olduğunu soruşurlar . Molla :
— Bir az sәbir elәyin, bu saat deyәrәm,—deyә dәrhal evә gedir. Qazanda olan noxudları sayıb görür ki, yüz iyirmi iki dәnәdir.
Molla öz-özünә fikirləşir: «Sözün düzünü desәm mәnә «dәli» deyәrlәr». Onun üçün dә gәlib bu cür cavab verir.
—Bu gün ayın altmış biridir.
Camaat gülüb deyir.
—Ay Molla! Bir ay otuz gündür; necə olur ki, bu gün ayın altmış biri olur?
Molla isә onlara bu cür cavab verir:
—Mәn hәlә insafla danışdım, әgәr iş qazandakı noxudların hesabına qalsaydı, bu gün ayın yüz iyirmi ikisi olacaqdı.


Eşşəklə cihada getmək olarmı?
Müəllif: Molla Nəsrəddin tarix: 11/02 2007, 06:27

Cihada gedirəmSual bəlkə də maraqlı və gülməli səslənir. "Eşşəklə cihada getmək olarmı?" Hər halda indi cihad olsa, mən də dostum Kişmişi (bu mənim eşşəyimin adıdı) alsam altıma, bütün sürətimi toplayıb girsəm cihada hər halda ilk şəhid düşən mən olardım. 

Əslində mənim fikrimcə altında nəyin olması önəmli deyil, önəmli olan istək, iradə, mətanət, ideologiyaya sadiqlikdir. Hər halda eşşəyim var, gücüm çatmaz deyib mən bir kənarda dursam heç cihada girən də olmaz. Cihad deyəndə elə bilməyin ki, alacam əlima qılıncı, tüfəngi, ya da icad edəcəm bir atom bombası bütün düşmanlarımızı qıracam. İslam Peyğəmbəri, bütün insanların Peyğəmbəri Məhəmməd Mustafa (sav) deyib ki, "Ən vacib cihad öz nəfsimizlə olan cihaddır". Biz Azərbaycanlıların hamısını bir yerdə, böyük bir mənəvi insana bənzətsək, bizim nəfsimiz də, cəmiyyətimizin çürük adətləri, ümumi yanlışlarıdır ki, bunların düzəlməsi üçün tənqid edən lazımdır.

Məndən tənqid edən olmazdı bəlkə, millətimə, vətənimə qarşı sevgim olmasaydı. Bu cihad üçün yaxşı at lazımdı əslində. Amma bir müəllimimin sözünü xatırladım: "əlindəki imkanları dəyərləndirməyi bacarmayan, ondan daha çoxunu da dəyərləndirə bilməz". Mən də əlimə bir eşşək düşmüşkən dedim başlayım bu elmi cihada. 

"Kişmiş" mənə əslində çox kömək olur. Yoxsa ayaq üstə yazmaqdan yorulardım. İndi bu dövrdə bir çox insan öz işləriylə məşğul olur. Düşünür ki, "millət necə tarac olur, olsun; nə işim var?!", amma mən belə düşünüb, evimdə rahat-rahat yata bilmədim. Millətin söz söyləyən, onları doğru yola çağıran bir Mollaya ehtiyacı var. Budur gəlmişəm. Sizi deyib gəlmişəm...

Bir zamanlar Koroğlu sadəcə atını fikirləşib yola çıxsaydı, bu gün biz Koroğlu dastanlarını oxumazdıq. Koroğlunun ən böyük nailiyyəti özü kimi düşünən, ürəkli insanlara, xalqına arxalanması idi... Mən Koroğlu da deyiləm, amma xalqıma arxalanıram, mənim kimi düşünən insanların olduğunu bilirəm, bundan əminəm...

Azərbaycan xalqının ən böyük bəlası unutqanlığıdır. Millətimiz o qədər unutqandır ki, hətta səhər yeməkdə nə yediyini belə unudur. Hələ keçmiş qəhrəmanlarını, keçmiş düşmanlarını, Qarabağı, erməniləri, rusların bizə etdiklərini, dilimizi, dinimizi, əsl mədəniyyətimizi, türklüyümüzü və bir çox başqa şeyi deməyə ehtiyac yoxdu. Səhər yeməyini unudan, bunlardan xəbərdar ola bilməz. Mən də düşünürəm ki, Kişmişlə çıxdığım bu yolda xalqımıza keçmişini, kimliyini, hardan gəldiyini xatırladıcı, hara getdiyinə işarə edici bəzi əməlləri tutum. Bəlkə millətimə, xalqıma bir faydam olar.

Əlbəttə tək başıma, və ya Kişmişlə baş-başa edə biləcəyim çox az şey var. Odur ki, sizin mənəvi dəstəyinizə, dualarınıza, dualarımıza "amin" demənizə çox ehtiyacım var. Ən azından arabir "AMİN" deyin bu bizə kifayətdir. Çox şeydə gözüm yoxdu...


MIRT MIRT
Müəllif: Molla Nəsrəddin tarix: 11/01 2007, 06:41

O dövrdə yazılmış olmağına baxmayın, xeyli faydalı fikirlər var. Ola bilsin ki, bəzi fikirlər o dövr üçün söylənilib, amma yenə də nəticə çıxarmaq çətin deyil. Çünki arifə bir işarə kifayət edir. Siz də maşallah hamınız arif insanlarsınız.

MIRT-MIRT

C.MəmmədquluzadəVacib vә lazımlı bir mәsәlә var ki, ona da heç diqqәt elәmirik vә qulaq asmırıq, deyirik: ‎‎"Eh, necә olacaq olsun!".‎
‎  ‎
Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza әr tapılmır vә bir neçә il ‎gözlәyirlәr,--axırda da hәr kәs rast gәlir,--gedirlәr, amma çoxu da qalır evdә vә özünә ‎layiq oğlan tapa bilmir ki, getsin (Dövlәtli qoca kişilәrin kefidir ha!).‎

Bunun sәbәbi nәdir? Niyә qızlarımız çoxalıb vә evlәnәn cavanlarımız azalıb?‎
‎ ‎
Bunun sәbәbi budur ki, oğlanlarımız gedib Avropa dәrsi oxuyurlar vә Avropa tәrbiyәsi ‎alırlar. Bunların da bir parası dәrsi qurtarıb, vәtәnә qayıdıb gәlәndә öz yanlarınca rus, ‎yәhudi, ya qeyri bir millәtlәrin qızlarından birini seçib gәtirirlәr vә kәbin kәsdirib, ‎özlәrinә övrәt elәyirlәr.‎
‎  ‎
Cavanlarımızın da bir parası qayıdıb gәlir vәtәnә ki, burada öz sәliqәsinә müvafiq bir ‎müsәlman qızı tapıb alsın. Amma gәzir, dolanır, xәbәrlәşir vә axırda görür ki, dәrs ‎oxumuş vә tәrbiyә tapmış müsәlman qızı yoxdur. Bir neçә il dә gözlәyir, gözlәyir vә lap ‎axırda ya bu da gәlir bir rus qızı, ya yәhudi qızı tapır, ya da "cәhәnnәmә, gora!"--deyib, ‎gedir bir müsәlman qızı alır.‎
‎ ‎
Bәli, qızı alıb gәtirir evә vә öz-özünә deyir ki, "bәlkә bir tövr ötüşәk.".‎
‎  ‎
Bir gun sәhәr tezdәn övrәt yerindәn durur, istәyir geyinsin getsin anasıgilә, kişi soruşur ‎ki, "niyә gedirsәn?", övrәt cavab verir ki, "bu gecә yuxu görmüşәm, gedirәm anama ‎deyim, getsin Molla Haqverdiyә kitaba baxdırsın". Kişi deyir ki, "nahaq yerә zәhmәt ‎çәkib getmә, ondan ötrü ki, yuxudan heç bir şey bilmәk olmaz".‎

Övrәtin bu sözlәr xoşuna gәlmir, әrindәn küsür vә iki gün әrilә danışmır.‎

Bir neçә gün dә keçir. Bir gün kişi diqqәt elәyib görür ki, övrәti gündüzlәr ayağına corab ‎geymir, qardaşının da vә qeyri yad kişilәrin dә yanında ayaqları çılpaq dolanır; amma, ‎söz yox, uzunu vә başını çarqatnan bәrk-bәrk gizlәyir. Әri deyir ki, "ayıbdır, ayaqlarına ‎corab gey", övrәt cavab verir ki, "sәn allah әtimizi tökmә, evdә adam corab geymәz, ‎adam yasa gedәndә, ya hamama gedәndә corab geyәr".‎

Bu da kişinin acığına gәlir vә burada da kişi iki gün övrәtindәn küsüb danışmır.‎

Bir neçә gün dә keçir. Övrәt görür ki, hәmişә axşamlar әri qabağına kitab qoyub oxuyur, ‎ya bir gağız götürüb yazır. ‎
‎ ‎
Övrәt bikar oturub başlayır әsnәmәyә. Bir az keçir, övrәtin yuxusu gәlir vә kişi dә ‎kitabından vә kağızından әl çәkmir. Bir az da gözәtlәyәndәn sonra, övrәt hirsli girir ‎әrinin otağına vә başlayır bu cür mәzәmmәt elәmәyә: "A kişi, sәn olasan allah, bu ‎kitabları vә kağızları tulla cәhәnnәmә, az bu cinlәrnәn vә şәyatinlәrnәn mırt-mırt danış, ‎canına yazığın gәlsin! Bu nәdir yuxunu özünә haram elәyirsәn ki, nә bilim nә var? Bir ‎canına yazığın gәlsin, bir usan, ay bu kitab-mitabı icad elәyәnin evi yıxılsın!".‎

Bu bir lazımlı vә yenә lazımlı mәsәlәdir. Әgәr bu mәsәlәni elә bu halәtdә qoysaq, ‎oxumuş cavanlarımızın heç biri müsәlman qızı almaz. Bu dәrdә bir çarә tapmaq lazımdır; ‎elә bu saat tapmaq lazımdır, sabaha da qoymaq olmaz! Bizә qalsa, biz buna iki çarә ‎bilirik:‎
‎  ‎
‎1. Bunun bir çarәsi budur ki, oğlanlarımızı dәxi bundan sonra Avropa tәrbiyәsinә ‎qoymayaq; mәsәlәn, Nehramın, Ordubadın cavan oğlanları hәmişә Tәbrizdә "elm" tәhsil ‎elәyirlәr vә vәtәnlәrinә qayıdıb gәlәndәn sonra evlәnirlәr vә ömrlәrinin axırına kimi dә ‎xoşbәxt yaşayırlar. Ya gәrәk belә ola.‎
‎ ‎
‎2. Ya da ki, oğlanlarımızı Avropa dәrsinә göndәrәndә qızlarımızı da qoyaq dәrsә ki, heç ‎olmasa Avropa elmindәn vә tәrbiyәsindәn barı yarımçıq da olsa, bir az oxusunlar vә ‎öyrәnsinlәr. Biz belә qanırıq vә belә dә deyirik. Hәr kәs nә cür qanır, elә dә qansın.‎

Molla Nәsrәddin. ‎

‎"Molla Nәsrәddin", 10 fevral, 1908, ¹ 6.


AĞLAŞMA
Müəllif: Molla Nəsrəddin tarix: 10/31 2007, 06:32
M.Ə.Sabir

AĞLAŞMA

Nə rəvadır əğniyalar baxa ac qalana, ya rəb!
Bu söz ki, ac qalana oluna iana, ya rəb!

Çıxa canı ac qalanın gözünün bəbəklərindən,
Gedib
işləsin, qazansın əlinin əməklərindən,
Nədir
əğniyaya xeyri oların yeməklərindən?
Yeməyib
acından ölsə dəxi xoş bəhana, ya rəb!

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!
Nəyimə
gərək ki. yeksər qırılıb ölür millət?
Yaradan
xudayi-raziq edəcək özü kəfalət,
rəva baxam fəqirə, ürəyim bulana, ya rəb!

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə
bir olmamış hey verilir səda sədayə
Ki
, gərək kömək olunsun füqərayi-binəvayə....
Elə
puldu göndərilsin о yana-bu yana, ya rəb!

Sənə , evin yıxılsın, füqəra üçün yanırsan?
Atan
oğlu qardaşındır, hiç bir tanırsan!
İki
gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?
Onu
vermək olmur axır hər ölən-qalana, ya rəb!

Füqəralar əğniyanın tanısın neçin yaxasın?
Əgər
acdı qarnı satsın papağın, çulun-çuxasın;
Edər
əğniya da başqa işə dair öz səxasın,
Məgər
azdı bəzlü bəxşi filanü filana, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin
gör əğniyanın, yeri varsa sonra danna!
Pulunu
fəqirə versin, bəs acından ölsün Anna?
O məgər ki, Xansənəmdir, qapılar dolana, ya rəb!



1 2  Next»